| 2009-cu ilin makroiqtisadi yekunları |
| Friday, 25 December 2009 12:52 |
|
There are no translations available. 2009-cu ilin üçüncü rübündən etibarən “böhranın dibi”nin görünməsi və ilin sonuncu rübündən başlayaraq dünya iqtisadiyyatının tədricən özünübərpa mərhələsinə keçməsilə bağlı optimistik mülahizə və proqnozların Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcəyi gözlənilir. Sistemin bir parçası olan və xüsusilə qlobal tələb faktorlarının müəyyən etdiyi neftin dünya bazarı qiymətlərindən birbaşa təsirlənən Azərbaycan iqtisadiyyatında yüksələn neft qiymətlərilə paralel neft sektorunda artımın bərpa olunacağı məlum məsələdir. Hətta bu proses artıq avqust ayından başlamışdır. Qeyri-neft sektorunda isə dinamik canlanmanın 2010-cu ildən başlanması gözlənilir.
Üç rübün yekunları
Real sektorda vəziyyət. 2009-cu ilin ilk üç rübü ərzində ölkə iqtisadiyyatında 23.4 mlrd. manatlıq əlavə dəyər yaradılmışdır ki, bunun 47%-i neft sektorunun, 45.6%-i qeyri-neft sektorunun, 7.4%-i isə xalis vergilərin payına düşmüşdür. İqtisadiyyatın illik artım tempi 6.1%, qeyri-neft sektoru üzrə isə 0.8% təşkil etmişdir.
Cari ilin ilk 9 ayı ərzində iqtisadiyyatda yaradılmış əlavə dəyərin (xalis vergilər çıxılmaqla) 69.1%-i istehsal sektorlarının, 30.9%-i isə xidmət sektorlarının payına düşmüşdür.
Dövr ərzində istehsal sektorları üzrə aqreqat artım tempi 6.7% təşkil etmişdir. İstehsal sektorları arasında ən yüksək artım (8.7%) sənayedə müşahidə edilmişdir. Eyni zamanda, kənd təsərrüfatında 2.9% artım müşahidə edildiyi halda, böhrandan ən çox təsirlənən tikinti sektorunda 11.2% daralma baş vermişdir.
Xidmət sektorları üzrə illik artım tempi 6.1% təşkil etmiş, mehmanxana-restoran xidmətləri və rabitə xidmətləri artım tempinə görə (müvafiq olaraq 15.9%, 10.4%) digər xidmət sektorlarını geridə qoymuşdur.
Bütün mənbələr hesabına əsas kapitala investisiya qoyuluşları cari ilin ilk üç rübü ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 17.1% azalaraq 5.2 mlrd. manat təşkil etmişdir. İnvestisiya qoyuluşlarındakı azalma, əsasən, xarici investisiyaların və daxili investisiyalarda böyük xüsusi çəkiyə malik olan dövlət investisiyalarının azalması hesabına baş vermişdir.
Dövr ərzində əhalinin pul gəlirləri 9.8% artaraq 16.1 mlrd. manata çatmış və illik inflyasiya 2.1% təşkil etmişdir. İyul ayından etibarən ölkədə deflyasiya prosesi dayanmış və aylıq qiymət artımları müşahidə edilməyə başlamışdır ki, bunu da tələbdə canlanmanın ilkin siqnalları kimi qəbul etmək olar.
Pul sektorunda vəziyyət. Cari ilin ilk üç rübü ərzində qeyri-neft sektorunda iqtisadi artım tempinin zəifləməsi və müşahidə edilən aşağı inflyasiya pula tələbin azalmasına səbəb olmuşdur ki, buna qarşılıq olaraq pul təklifi də azalmışdır. İlin əvvəlindən geniş pul kütləsi (M3 aqreqatı) 550.9 mln. manat, manatla geniş pul kütləsi (M2 aqreqatı) isə 372.3 mln. manat azalmışdır. Bankların pul yaratmaq qabiliyyətini xarakterizə edən pul multiplikatoru 1.8-dən 1.78-ə, manatla pul multiplikatoru isə 1.3-dən 1.25-ə qədər azalmışdır.
İlin əvvəli ilə müqayisədə ABŞ dolları və Rusiya rublunun manatla ifadədə rəsmi orta məzənnəsində ciddi dəyişiklik baş verməsə də, avro 1.07 manatdan 1.17 manata, İngilis funtu 1.16 manatdan 1.31 manata, Türk lirəsi isə 0.50 manatdan 0.54 manata qədər bahalaşmışdır.
Eyni zamanda, dövr ərzində manatın həm ümumi, həm də qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi ucuzlaşmışdır ki, bu da yerli məhsulların rəqabət qabiliyyəti üzərində müsbət təsirə malik olmalıdır.
Bank sektorunda vəziyyət. 2009-cu ilin əvvəlindən etibarən cəmi kredit qoyuluşlarının həcmi 617.6 mln. manat artaraq 7.8 mlrd. manata çatmışdır. Kredit qoyuluşlarının sürətli artımının əsas mənbəyi Mərkəzi Bank tərəfindən yenidənmaliyyələşmə kanalı vasitəsilə kommersiya banklarına verilən kreditlər olmuşdur. Cari ilin ilk 9 ayı ərzində bu kanal vasitəsilə kommersiya banklarına 4.9 mlrd. manatlıq vəsait verilmişdir ki, bunun 46.4%-i son iki ayın payına düşmüşdür. Bu da kredit qoyuluşlarındakı artımların bundan sonra da davam edəcəyini deməyə əsas verir.
Kredit qoyuluşlarının sürətli artımı fonunda kredit riskləri də yüksəlmiş və keçən ilin sonu ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 1.9 dəfə artmışdır. Nəticədə cəmi kreditlərdə vaxtı keçmiş kreditlərin payı dekabr ayı ilə müqayisədə 1.8% bəndi artaraq 4%-ə çatmışdır.
Cari ilin sentyabr ayının sonuna keçən ilin dekabrı ilə müqayisədə depozitlərin həcmində 3%-lik azalma müşahidə edilmiş və sentyabr ayının sonuna cəmi depozitlərin həcmi 4.2 mlrd. manat təşkil etmişdir.
Kreditlərin həcminin sürətli armasına qarşılıq olaraq, depozitlərin həcmində ciddi dəyişikliyin müşahidə edilməməsi nəticəsində depozitlərin kreditlərə nisbəti keçən ilin dekabrı ilə müqayisədə 7% bəndi azalaraq 54%-ə düşmüşdür. Bu isə bank sektorunda likvidlik risklərinin yüksəlməsi mənasına gəlir.
Dövr ərzində xarici valyuta riskinin artması ilə əlaqədar olaraq həm kreditlərin, həm də depozitlərin valyuta strukturunda dəyişikliklər baş vermişdir. Belə ki, keçən ilin dekabrı ilə müqayisədə cari ilin sentyabr ayının sonuna manatla kreditlərin cəmi kreditlərdə payı 50.9%-dən 55.4%-ə yüksəldiyi halda, manatla depozitlərin cəmi depozitlərdə payı 44.5%-dən 35.7%-ə düşmüşdür.
Keçən ilin dekabrı ilə müqayisədə 2009-cu ilin sentyabr ayının sonuna bankların xarici öhdəlikləri 12% azalaraq 1.8 mlrd. manata düşmüşdür.
Dövr ərzində həm manatla, həm də xarici valyuta ilə depozitlər üzrə orta faiz dərəcələrində yüksəlmə (uyğun olaraq 0.2% və 2.7% bəndi qədər) müşahidə edilmişdir. Eyni zamanda, xarici valyuta ilə kreditlər üzrə orta faiz dərəcələrində də 1.8% bəndi qədər yüksəlmə müşahidə edildiyi halda, manatla kreditlər üzrə orta faiz dərəcələrində 2.8% bəndlik azalma baş vermişdir ki, bu da, əsasən, xarici valyuta riski ilə bağlı olmuşdur.
IV rüb üzrə proqnozlar və 2009-cu ilin yekunları.
Proqnoz hesablamalarına görə, 2009-cu ilin sonuncu rübündə ölkə iqtisadiyyatında 9 mlrd. manatlıq əlavə dəyərin yaradılacağı gözlənilir və bununla da 2009-cu ilin sonunda ÜDM-in həcmi 32.4 mlrd. manata çatacaq. Sonuncu rübdə iqtisadi artım tempinin bir az da sürətlənərək ilin sonunda 7.2%-ə yüksələcəyi proqnozlaşdırılır. IV rübdə yaradılacaq əlavə dəyərin 6007 mln. manatının istehsal sektorlarının, 2441.9 mlrd. manatının xidmət sektorlarının, 528.8 mln. manatının isə xalis vergilərin payına düşəcəyi gözlənilir. Eyni zamanda, ilin yekunlarına görə ÜDM-də neft sektorunun payının 48.4%, qeyri-neft sektorunun payının 44.6% və xalis vergilərin payının 7% olacağı proqnozlaşdırılır.
Sonuncu rübdə bütün mənbələr hesabına əsas kapitala 2 mlrd. manatlıq investisiya qoyulacağı və ilin yekunlarına görə əsas kapitala investisiyaların 7.2 mlrd. manata çatacağı proqnozlaşdırılır.
Hesablamalara görə, 2009-cu ilin sonunda əhalinin nominal pul gəlirləri 21.5 mlrd. manata çatacaq ki, bunun da 5.4 mlrd. manatı sonuncu rübdə qazanılmış olacaq.
Cari ilin sonlarına doğru inflyasiya tempindəki azalmanın səngiyəcəyi, zəif qiymət yüksəlmələrinin müşahidə ediləcəyi və 2009-cu il üçün illik inflyasiyanın 2.5-2.6% arasında olacağı gözlənilir. Qeyd edək ki, cari ilin yanvar ayından oktyabra qədər keçən ilin eyni dövrü ilə müqayisədə istehlakçı qiymətlərinin artım tempi 11.9%-dən 2.1%-ə qədər aşağı düşmüşdür.
İqtisadiyyatın pulla təmin olunmasının yaxşılaşması istiqamətində mövcud tendensiyanın davam edəcəyi və ilin sonunda geniş pul kütləsinin (M3 aqreqatı) 8 mlrd. manata çatacağı proqnozlaşdırılır. Eyni zamanda, hesablamalara görə dekabr ayının sonunda manatla geniş pul kütləsinin (M2 aqreqatı) 6.2 mlrd. manata çatacağı gözlənilir.
Cari ilin sonuncu rübündə ABŞ dollarının manatla ifadədə məzənnəsində zəif ucuzlaşma meyllərinin davam edəcəyi və dollar/AZN məzənnəsinin 0.8027 manata qədər düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, proqnoz hesablamaları ilin sonuna qədər avro/AZN məzənnəsinin 1.2 manata qədər bahalaşacağını deyir.
İlin sonunda cəmi kreditlərin həcminin 8 mlrd. manatdan çox olacağı gözlənilir və bu kreditlərin strukturunda, keçən ildə olduğu kimi, milli valyuta ilə kreditlər 54.5%-lik payla üstünlük təşkil edəcək. Müqayisə üçün deyək ki, keçən ilin sonunda cəmi kreditlərin həcmi 7.2 mlrd. manata yaxın olmuş və bunun 51%-ni manatla kreditlər təşkil etmişdir.
Ümumilikdə, 2009-cu ilin yekunları ilə bağlı proqnozlar 2010-cu ildə iqtisadiyyatın sürətli özünübərpa prosesi üçün müsbət zəmin formalaşacağına ümid etməyə əsas verir. |

